Cəmiyyət
14:13, 27 январь 2022
163
0

Səttar Möhbalıyev: “3+3” formatı regional ticarətin və bu yolla iqtisadi artımın sürətlənməsinə səbəb ola bilər



Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev - “Azərbaycanın Qarabağ Zəfərindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə birgə hazırladıqları Cənubi Qafqazın üç ölkəsi, Türkiyə, Rusiya və İrandan ibarət altılıq platforması təkcə siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük imkanlar vəd edir. Hesablamalara görə, “3+3” formatında olan ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır ki, bu da ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın 5-ci ən böyük iqtisadiyyatı deməkdir. Bu yeni format 331 milyon nəfər əhalisi ilə dünyada 3-cü, ərazisinə görə isə birincidir. Bu miqyas onu göstərir ki, bu formata daxil olan ölkələr arasında qarşılıqlı sərmayə qoyuluşu, sənaye, aqrar və xidmət sektorunda əməkdaşlıq imkanları çox genişdir”.

“3+3” formatı regional ticarətin və bu yolla iqtisadi artımın sürətlənməsinə səbəb ola bilər. Hər bir milli iqtisadiyyat yalnız o halda uğurla inkişaf edə bilər ki, kifayət qədər həcmi olan bazarlara çıxışı olsun. Ötən əsrin ikinci yarısından başlayaraq nisbətən uğurlu inkişaf yolu keçmiş ölkələrin təcrübəsi göstərir ki, regional ticarət nə qədər əhəmiyyətə malikdir. Cənubi Qafqaz ölkələri Avropa İttifaqı ilə Avrasiya İttifaqı bazarlarına istiqamət götürüblər, amma regional əlaqələr zəifdir. Regional ticarətin inkişafı da iqtisadi artım üçün əsaslar yarada bilər.

“3+3” formatı Zəngəzur dəhlizi də daxil olmaqla nəqliyyat arxitekturasını dəyişmək gücündədir: “Xüsusən də Azərbaycanın su, hava, avtomobil və dəmiryolu nəqliyyat infrastrukturu altılıq ölkələrinin inteqrasiyasında mərkəzi mövqeyə malik ola bilər. Rusiya İranla Azərbaycandan keçən Şimal-Cənub, İran isə Gürcüstanla Azərbaycandan keçən Cənub-Qərb marşrutu ilə bağlana bilir. Türkiyə bu dəhlz vasitəsi ilə Azərbaycan, Rusiya və İranla əlaqələrini daha da genişləndirə bilər. 2021-ci ilin dekabr ayının 10-da Rusiyanın paytaxtı Moskvada Cənubi Qafqaz üzrə “3+3” regional məsləhət platformasının ilk iclası keçirilib. İclas Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin müavinləri və İran Xarici İşlər Nazirliyinin baş direktorunun həmsədirliyi ilə baş tutub. Görüş zamanı çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Platformanın işini onun bütün iştirakçıları üçün maraqlı olan praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaxın gələcəkdə “3+3” formatında növbəti görüşə hazırlaşmaq barədə razılığa gəliblər. Qloballaşmaya nisbətən regional siyasətin gücləndiyi bir vaxtda “3+3” formatı bütün iştirakçıların maraqlarına cavab verir. Qarabağ probleminin həllindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıq “3+3” formatı üçün üçün geniş imkanlar imkanlar yaradıb”.

“Bu gün ölkəmizdə “Yaşıl enerji” strategiyasına keçid prosesi uğurla icra edilir və genişmiqyaslı xarakter daşıyır. Bu istiqamətdə artıq bir sıra iri layihələr yekunlaşdırılıb və ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında alternativ enerji əhəmiyyətli rol oynamaqdadır”.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərimizdə də bu istiqamətdə xeyli iş görülməkdədir: “Burada günəş və külək enerjisindən geniş istifadə olunması nəzərdə tutulub. Bu layihələr Şərqi Zəngəzurun və Qarabağın enerji təchizatında kifayət qədər əhəmiyyətli rol oynacaq və bölgənin ekoloji sağlamlığına təkan verəcək. Yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməli qoyuldu. Bu, ölkəmizdə ən böyük bərpaolunan elektrik stansiyası olaraq Azərbaycanın enerji təhlükəsizliyində mühüm layihədir. Layihə eyni zamanda məşğulluğun artmasında, sahə üzrə ixtisaslı kadrların yetişməsində, təbii qaza qənaət olunmasında böyük əhəmiyyət daşıyacaq. Həmçinin dünyanın tanınmış şirkətlərinin Azərbaycanda böyük məbləğ tələb edən iri layihələr icra etməsi ölkəmizdə bərqərar olan iqtisadi sabitliyi, əlverişli investisiya mühitini göstərir”.

“Təməlqoyma mərasimində çıxışı zamanı dövlətimizin başçısı cənab İlham Əliyev Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında olan əməkdaşlıqdan bəhs etdi. Həqiqətən də, iki ölkə arasında olan münasibətlər çox yüksək səviyyədədir. Səudiyyə Ərəbistanı hər zaman bütün müstəvilərdə ölkəmizin haqq işini müdafiə edib, hətta işğal siyasətinə görə Ermənistanla diplomatik münasibətlər qurmayıb. Həm işğal dövründə, həm də müharibə gedən vaxt biz bu mənəvi dəstəyi görmüşük. Bu ölkədən olan turistlərin də ölkəmizə marağı durmadan artmaqdadır. Pandemiyaya qədər hər il minlərlə turist ölkəmizə səyahət edib gəzməli-görməli yerləri ziyarət edirdilər. Pandemiya səbəbindən bəzi məhdudiyyətlərə baxmayaraq, ərəb turistlər yenə də ölkəmizə gəlməkdədir. Bütün bunlar ölkələrimiz arasında olan münasibətlərin daha da möhkəmlənməsində əhəmiyyətli rola malikdir”, – Milli Məclisin deputatı qeyd edib.
Digər xəbərlər: