Cəmiyyət
12:53, 14 февраль 2022
126
0

Həmid Həsənov: Məqsədyönlü islahatlar kursu və regional inkişafın yeni mərhələsinə doğru

Bakı Xəbər - İctimai Siyasi Qəzet

Xaçmaz Rayon Polis İdarəsinin rəisi Həmid Həsənov - Təməli 2020-ci ildə ölkə başçısı tərəfindən qoyulan “Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir. 385 meqavat gücündə olan “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkəmizin enerji təhlükəsizliyinin təmin olunması prosesinə mühüm töhfədir və layihənin icrasını ancaq Azərbaycan şirkətləri və mütəxəssisləri həyata keçiriblər.
Həmçinin bir neçə gün öncə gücü 750 meqavat olan Yaşma yarımstansiyanın istifadəyə verilməsi Azərbaycanda enerji sahəsində böyük işlərin görülməsindən xəbər verir. Müasir enerji obyektlərinin istifadəyə verilməsi ölkənin enerji dayanıqlılığına xidmət göstərəcəkdir. Təbii ki, irihəcmli enerji obyektlərinin inşası zaman tələb edən məsələdir, ancaq ən qısa mümkün vaxt kəsiyində belə enerji obyektlərinin inşa edilməsi ölkəmizin iqtisadi gücünün göstəricisi hesab edilməlidir. Daxili imkanlar hesabına inşa edilən nəhəng enerji obyektlərinin istifadəyə verilməsi Azərbaycanın maliyyə və texniki imkanlarından xəbər verir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siyasəti nəticəsində ötən il ölkəmizdə 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilmiş və onun 1,6 milyard kilovat/saatı ixrac olunmuşdur. Azərbaycan artıq çox ciddi elektrik enerjisi ixrac edən ölkələrdən biridir. Həm artan daxili tələbat, həm də xaricdə Azərbaycanın enerji gücünə olan tələbat yeni addımların atılmasına sövq edir. Azərbaycanda demoqrafik mənzərənin müsbət olması daxili təlabatı artıran əsas amildir. Belə ki, müstəqillik dövründə əhalinin sayı 7 milyondan 10 milyona çatmışdır ki, bu da ölkədə gedən müsbət meyllərin, sabitliyin, əmin-amanlığın, iqtisadi inkişafın, sosial rifahın təzahürüdür.
Ölkəmizin iqtisadi və sənaye potensialı da davamlı olaraq artır. Ötən il Azərbaycan iqtisadiyyatı 5 faizdən çox, qeyri-neft sektorunda sənaye istehsalı isə təxminən 20 faiz artıb. Cari ildə də bu müsbət tendensiya davam edir. Belə ki, yanvar ayının göstəricilərinə görə iqtisadi artım təxminən 6 faiz, qeyri-neft sektorunda ümumi daxili məhsul təxminən 9 faiz, qeyri-neft sənaye istehsalı sahəsində isə artım 24 faiz olmuşdur. İqtisadi artımın əldə edilməsində elektrik enerjisinin ixracatı da mühüm rol oynayır. Azərbaycanın 4 qonşu ölkəyə ixrac etdiyi elektrik enerjisinin həcmi artmaqdadır. Belə ki, Türkiyə, Rusiya, Gürcüstan və İrana 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac edilib. Neft, qaz, elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac edir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət və düşünülmüş startegiya nəticəsində ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində qısa müddət ərzində böyük nailiyyətlər əldə olunub. Müstəqilliyimizin ilk illərində ölkədə hər bir sahədə olduğu kimi enerji sahəsində də ciddi problemlər yaşanırdı. Mövcud olan stansiyalar yararsız vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə vəsait yox idi. Azərbaycan elektrik enerjisini Rusiyadan idxal edirdi. Həmçinin təbii qazla bağlı qıtlıq var idi, bölgələrdə, ümumiyyətlə, qaz yox idi və neft hasilatı kəskin düşmüşdü. Bu gün isə Azərbaycan dünya miqyasında bütün bu enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir.  Azərbaycanın özünü və tərəfdaşlarını bundan sonra ən azı 100 il ərzində təbii qazla təchiz etmək potensialının olmasına baxmayaraq dövlətimiz dayanıqlı enerji təhlükəsizliyini təmin etmək üçün bərpaolunan enerji növlərinə sərmayə qoymaqda maraqlıdır. Ölkəmizdə bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi işlər aparılır və bu işlərin nəticələri artıq görünməkdədir. Bu istiqamətdə görülən işlərə xarici şirkətlər cəlb edilir və onların təcrübəsindən istifadə edilir. Azərbaycan xarici investisiyalar üçün çox cəlbedici ölkədir. Məhz ötən ay enerji sahəsində ən böyük şirkətlərdən biri – “ACWA Power” və Azərbaycan arasında imzalanmış kontrakta əsasən 240 meqavatlıq stansiyasının təməli qoyulmuşdur. Külək elektrik stansiyasının gələn il istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş elektrik stansiyasının inşası ilə bağlı BP şirkəti ilə, digər bir günəş elektrik stansiyasının inşası ilə bağlı isə Birləşmiş Ərəb Əmirliklərinin Mazdar şirkəti ilə hazırda danışıqlar aparılır. Hər iki layihə təqribən 400-450 meqavat gücündədir. Ümumiyyətlə, Azərbaycanın bərpaolunan enerji potensialı davamlı olaraq artır. “Azərenerji”nin 50 meqavatlıq külək elektrik stansiyasının olması və azad edilmiş torpaqlarda keçən il “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, həmçinin Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyasının yenidən qurulması belə deməyə əsas verir. Cari ildə daha 5 su elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur ki, orada da təqribən 25-30 meqavat gücündə stansiyalar olacaq. Ümumillikdə azad edilmiş torpaqlarda 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı vardır. Azərbaycanda bərpaolunan enerji mövzusundan bəhs edərkən Xəzər dənizinin 150 min meqavatdan çox bərpaolunan enerji istehsalı ilə bağlı potensialını da vurğulamaq yerinə düşər. 
Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyimiz parlaq Zəfərin yaratdığı yeni reallıqlardan biri də Zəngəzur dəhlizidir və bu dəhliz vasitəsilə eyni zamanda müxtəlif kommunikasiyalar da həyata keçiriləcəkdir. Belə ki, Zəngəzur dəhlizi ilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi indi artıq prioritet planlardan biridir. Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatı üçün deyil, eyni zamanda, enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xətt olacaq. Artan enerji ixracı ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq və əlavə valyuta qazandıracaqdır. Ölkəmiz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacaqdır. Bir sözlə, icra olunan layihələr iqtisadi və geosiyasi əhəmiyyətə malikdir.
Digər xəbərlər: