Cəmiyyət
00:36, 14 октябрь 2024
61
0

Azər Şabanov: Gələcək nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər

Ayaz Salehov: Müstəqil və güclü dövlət olmaq üçün yalnız iqtisadiyyat kifayət deyil, güclü ordu da lazımdır

Göygöl DYP-nin İnzibati təcrübə üzrə baş inspektoru Azər Şabanov - Son dörd il ərzində Azərbaycanın müstəqillik tarixinə qürurverici hadisələr yazıldı. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasına doğru addımladıq. Prezident, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, indi bütün hadisələri yenidən dilə gətirməyə ehtiyac yoxdur.  Azərbaycan xalqı hər şeyi bilir və hər şeyi yadda saxlayır. Hər bir addımımızın məntiqi mənası var idi. Hər bir addım əvvəlki addımın məntiqi davamı idi. Hansı addımlar atılırsa, onun  hədəfə doğru getmək üçün böyük mənası var.

2023-cü ilin 19-20 sentyabr tarixlərində rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərini şərtləndirən amillər hamıya məlumdur. Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməkdən yayındı, mütəmadi təxribatlar törətdi, açıq-aşkar Azərbaycanın ona təklif etdiyi sülh müqaviləsini imzalamaqdan boyun qaçırdı. Baş verənlər Silahlı Qüvvələrimizin bir günlük antiterror tədbirlərini keçirməsini şərtləndirdi. Vətən müharibəsindəki Zəfərin davamı olaraq antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyini tam təmin edildi. Azərbaycan ərazisində qurulmuş separatçı rejimin fəaliyyətinə son qoyuldu. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələri tərk-silah edilərək ərazilərimizdən çıxarıldı, dövlət suverenliyimizin bərqərar olması ilə bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa olundu.

20 sentyabr tarixi  dövlət başçısı İlham Əliyevin  19  sentyabr 2024-cü il tarixli Sərəncamı ilə Dövlət Suverenliyi Günü, 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə isə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis edildi. Ötən ilin 15 oktyabr tarixində cənab İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 20 illiyində Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə ucaldıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin tarixdə bayrağımızı Xankəndi şəhərində ucaltdıqdan sonra xalqa müraciətində keçilən yola nəzər salaraq böyük qürur hissi ilə qeyd etdi ki, düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident seçdi. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və Qurani-Kərimə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.

Dörd ildir Zəfərdən-Zəfərə doğru inamla addımlayan Azərbaycan xalqı bu günləri səbirsizliklə gözləyirdi: “Daim bu əminlik ifadə edilirdi ki, dövlətimizin qətiyyəti, xalqımızın birliyi, ordumuzun gücü sayəsində torpaqlarımız işğaldan azad ediləcək, ərazi bütövlüyümüz bərpa olunacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Azərbaycan bu illər ərzində bütün sahələrdə uğurlu inkişafa imza atdı. İqtisadiyyatımız dinamik inkişaf edir. Ordu quruculuğu sahəsində mühüm addımlar atılır. Bunun nəticəsidir ki, rəşadətli ordumuz dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Dövlət başçısı İlham Əliyevin Xankəndi şəhərindən müraciətində qeyd etdiyi kimi, elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və bunu döyüş meydanında sübut etdik. Həm Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, 2023-cü ilin sentyabr ayında cəmi 23 saat davam edən antiterror əməliyyatı  gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bu illər ərzində elə bir gənc nəsil yetişdirildi ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərdi. Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edirik”.

 Azərbaycan dastan yazmaqda davam edir: “Hər bir Zəfər yeni hədəfə doğru atılan mühüm addımdır. Suverenliyimizin bərpasından bu günədək tariximizi vərəqləsək az bir vaxtda nə qədər qürurverici hadisələrin yaşandığını görərik. Ötən ilin 8 noyabr tarixində Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Həmin parad bir daha tarixi Zəfərimizin və suverenliyimizin yaratdığı reallıqların dünyaya təqdimatı və qəbul etdirilməsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev paraddakı çıxışında bir daha inamla qeyd etdi ki, biz istədiyimizə nail olduq. Beynəlxalq hüququ, tarixi ədaləti, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Düşmən qabağımızda diz çökdü və bu gün burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm. Yəni, biz bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq.”

Bu gün işğaldan azad edilmiş ərazilərimiz genişmiqyaslı bərpa-quruculuq işləri ilə dünyanın diqqətindədir: “Bu torpaqlarda görülən işlər şəhərsalmanın Azərbaycan təcrübəsini dünyaya təqdim edir. Soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdırlar. Artıq qayıdış ünvanlarının sayı artıb. Belə ki 5 şəhər və 4 kənd sakinlərinə qovuşub. Bu ilin 28 May - Müstəqillik Günündə Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyduqdan sonra  rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə dövlət başçısı İlham Əliyev bu müjdəni çatdırdı ki, Xankəndi şəhərinə də köç başlayacaq. Bu il sakinlərinə qovuşan şəhərlərimiz sırasında Şuşa və Cəbrayıl da var. Cari ildə soydaşlarımızın Kəlbəcər şəhərinə də qayıdışı nəzərdə tutulub. Suverenliyimizin bərpasının bir illiyində dövlət başçısı İlham Əliyev Ağdam, Şuşa və Xankəndi şəhərlərinə səfər edərək mühüm sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak etdi. Sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edərək müəllim və tələbə heyəti ilə görüşündə  cənab İlham Əliyev bir daha  bu çağırışı etdi ki, gənclərimiz milli ruhda böyüməli, tərbiyə olunmalıdırlar.  

 “Dövlət başçısı İlham Əliyev prezident seçkilərində ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verdi. Atılan hər bir addım böyük Qələbəmizin təsdiqidir. Cənab İlham Əliyev prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində böyük inamla “Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək”, - deyə söylədi. Yeni dövrə qədəm qoyan Azərbaycan yeni hədəflərə doğru addımlayır. Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir. Böyük Qayıdış Proqramının sürətlə icra olunması bu layihənin yüksək səviyyədə baş çatdırılacağına əminlik yaradır.

Keçilən yolun təhlili Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Biz hər şeyi vaxtında etməliyik və etmişik” çağırışının reallıqda öz əksini tapdığını təsdiqləyir. Azərbaycan dövlətinin qətiyyəti, ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti, xalqımızın cənab İlham Əliyevə inamı hər bir hədəfə yüksək səviyyədə nail olmağa əsas verir. Baxmayaraq ki, “sapı özümüzdən olan baltalar” düşmən dəyirmanına su tökərək ictimai fikri çaşdırmaq, xalqda inamsızlıq yaratmaq üçün vaxtilə belə bir fikir formalaşdırmağa çalışdılar ki, guya Qarabağ problemi unudulub,  torpaqlarımızın işğaldan azad edilməsi mümkün deyil. Qarabağ problemindən öz məkrli planlarını həyata keçirmək üçün bir vasitə kimi istifadə edirdilər. Amma 30 illik işğal dövrünə nəzər salsaq həmin antimilli qüvvələrin bir dəfə də olsun Qarabağ problemini, öz doğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın pozulmuş hüquqlarının bərpasını dilə gətirmədiklərini müşahidə edirik. 44 günlük İkinci Qarabağ müharibəsinin gedişatında 50-dən artıq siyasi partiya Prezident, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətə dəstəklərini ifadə edən bəyanatla çıxış edərkən yenə də həmin ünsürlər bu sənədi imzalamadı. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra da daxili bədxahlarımız ictimai fikri çaşdırmaq üçün qeyri-ciddi fəaliyyətlə gündəmdə olmağa çalışdılar.  Müharibənin niyə dayandırıldığını öz maraqlarına uyğun təhlil etməyə, Xankəndinin, Xocalının, Xocavəndin, Ağdərənin işğaldan azad edilməyəcəyi ilə bağlı fikirlər səsləndirməyə başladılar. Amma çox keçmədi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə suverenliyimizin tam bərpa olunmasının, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağının ucaldılmasının şahidinə çevrildilər. Müxalifətçilik dövlətə, dövlətçiliyə qarşı çıxmaq, ümummilli məsələlərin həllinə biganə yanaşmaq deyil. Bu ünsürlər tarixi zəfərlərimizi qısqanclıqla qarşıladıqlarını, həzm edə bilmədiklərini açıq-aşkar nümayiş etdirirlər. Dövlət başçısı İlham Əliyevin “Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir” çağırışı özündə mühüm məqamları əks etdirir. Düşünürük ki, vaxtilə şəxsi ambisiyaları, hakimiyyət hərisliyi ucbatından torpaqlarımızı satan qüvvələr xalqımıza Zəfəri yaşadan, qürurumuzu özümüzə qaytaran, üçrəngli bayrağımızı ölkəmizin bütün ərazilərində dalğalanmasını təmin edən qalib ölkənin qalib Prezidenti İlham Əliyevə minnətdar olmalıdırlar. Xalqımız Qələbəmizin müəllifi cənab İlham Əliyevlə qürur duyur, Onun ətrafında dəmir yumruq kimi birləşərək daha möhtəşəm zəfərlərə doğru inamla addımlayır.
Digər xəbərlər: